Qalmağı var

Bu adətdir, ürəklərin
Boşalmağı, dolmağı var.
Baharda açan güllərin
Payız vaxtı solmağı var.

Göz dünyaya baxar-doymaz,
Gözəl olur gələndə yaz,
İnsan aşiq, ürək də saz –
Bəmd, zildə çalmağı var.

Qoy yağılar öyünməsin,
İntiqam var – öyünməsin,
Bağçada sar öyünməsin,
Yurdun qisas almağı var.

Qürrələnmə, qansız yağı,
Ərənlər titrədər dağı,
Düşmən əlindən bayrağı
Mərdin yerə salmağı var.

Odlar oğlu məğlub olmaz,
Doğma torpaq yada qalmaz,
Elin nifrəti azalmaz,
Misri qılınc çalmağı var.

Əsgər gəlir, tez yol verin,
Göylər kimi eşqi dərin,
Qan-qan deyən düşmənlərin
Bir gün məğlub olmağı var.

Əli Vəkil, yox olsun çən,
Gərək hayqırıb-dinəsən,
Qələbənin əmin ol sən,
Tariximdə qalmağı var.

24 iyul 2000