Qaragöz

Sən nə qədər sevimlisən, gözəl, mehriban qaragöz.
Xoş sifətdə xəlq eləyib, səni bu dövran, qaragöz.

Eşqə sadiq olmalıdır, kim səni sevsə dünyada.
Saf məhəbbət atəşində sən də alış, yan, qaragöz.

Aldı ağlımı başımdan sənin mənalı gülüşün.
İlqarını unutma gəl, sevdiyini an, qaragöz.

Vurulacaq bircə anda hüsnünə, gül camalına,
And içəcək öz eşqinə hər sevən insan, qaragöz.

Gözlərində bir ovsun var, ürkək-ürkək baxma elə.
Ürəklərə gəl loğman ol, dərdlərə dərman, qaragöz.

Kim ki səni duymayıbdır, bədbəxtlərin bədbəxtidir.
Yəqin çıxıbdı bəxtinə daşqəlbli oğlan, qaragöz.

Fikir-xəyal içindəyəm, ay qız, səni görən gündən.
Qoy başlayım məhəbbətdən yeni bir dastan, qaragöz.

Sən şairin ilhamına baxışınla qol-qanad ver.
Xəbər tutub qoy utansın eşqini danan, qaragöz.

Ümidlə bax gələcəyə, fikrə dalıb qəm eləmə.
Sabah eşqin bağçasında gül açar hər yan, qaragöz.

Saf eşqinə xor baxanın gözlərinə qan damacaq,
Dərmana gələr qapına, olarsan loğman, qaragöz.

Gözəlliyi vəsf elədi, saf ürəkli Əli Vəkil.
Yad edəcək ömrü boyu səni hər bir an, qaragöz.

19 iyun 1998