Qayıt gəl

Yola saldım mən günləri, ayları,
Bəsdir, gülüm, bəsdir daha, qayıt gəl.
Öz vədini gəl unutma sən barı,
Bəsdir, gülüm, bəsdir daha, qayıt gəl.

Yola baxıb köks ötürüm nə qədər?
Ayı, günü itirirəm mən hədər,
Ayrılıqdan yaranıbdır qəm-kədər,
Bəsdir, gülüm, bəsdir daha, qayıt gəl.

Sənin ilə sevincim də gedibdir,
İlhamım da qəlbimi tərk edibdir,
Yuvasını quş kimi tərk edibdir,
Bəsdir, gülüm, bəsdir daha, qayıt gəl.

Bilməm nədən sən bu qədər yubandın?
Ötdü aylar, ötdü günlər, yubandın,
Xəyalımdan keçdi nələr, yubandın,
Bəsdir, gülüm, bəsdir daha, qayıt gəl.

Ayrılığa mətanətlə dözdüm mən,
Həsrət dolu neçə nəğmə yazdım mən.
Hər yuxumu durub xeyrə yozdum mən,
Bəsdir, gülüm, bəsdir daha, qayıt gəl.

Gəl evimi nəfəsinlə isindir,
Söhbət edib gülə-gülə isindir,
Əli Vəkil gəldi dilə, isindir,
Bəsdir, gülüm, bəsdir daha, qayıt gəl.

28 sentyabr 2000