Qılınc aça bilməyən bir qapını
Pul açar, yadından çıxarma bunu.
Ən şirin, ən acı nemətdi bəlsə,
Pul tanıdır bu dünyanın toxunu.
Süfrəni açarlar qonağa görə,
Hər kəs olanını qonağa verə.
Adamlar tanınar duz-çörəyiylə,
Halal nemət gərək şərəf gətirə.
Qılıncı borc verməz ağıllı insan,
Qəfildən zərbələr alar yağıdan.
Kişi şərəfini qoruyan silah,
Mərdə lazım olur həyatda hər an.
Qılıncı olmayan qırğına gedər,
Qılıncsız öyünmək hədərdir, hədər.
Belində gəzdirər, qınında saxlar,
Qılınca güvənər hər ər oğlu ər.
Kim qonşuya bel bağlasa, nahaqdır,
Onun şamsız qalmağı da, bil, haqdır.
Qonşu qonşuluqdan əskik olmasın,
Darda bir-birini axtaracaqdır.
Qonşu muncuğunu oğurlayan kəs
Onu bu dünyada heç taxa bilməz.
Qorusun, gorunda gərəyi olar,
Oğurlu heç kimin karına gəlməz.
Qonşu qonşu olsa həyatda əgər,
Kor qız da qarımaz, ərə tez gedər.
Qonşu barəsində xoş sözlər gərək,
Yaxşı qonşu qonşusundan nə güdər?
Ərköyün böyütsə ana oğlunu,
Hambal görəcəkdir həyatda onu.
Çörək qazanmasa alın təriylə,
Anlayar ömrünün puç olduğunu.
Fərsiz oğul neylər ata varını,
Gec-tez itirəcək öz var-karını.
Özü qazanmayıb, verəcək bada,
Ata sərvətini, öz vüqarını.
İlk övlad doğulur – gülür sifətin,
Ata olmaq isə çətindən çətin.
Övladlar böyütmək düşər öhdənə,
Onlar sabahıdır bu məmləkətin.
Sükut fikrin bostanıdır, bostanı,
Doğmanı, ögeyi sən yaxşı tanı.
Xəyala dalaraq düşünəndə sən,
Olsun seyrangahın söz gülüstanı.
Nəzər salın axmaq sükut edəndə,
Elə bil ağıllı dayanıb öndə.
Müdrik olsun xəyallara dalaraq,
Axmaq deməsinlər barı gedəndə.
Kişinin sözü bir, üzü bir olar,
Belə insanların evi pir olar.
Hər kəs kəlmə kəsib, söhbət eləsə,
Ürəyi xoş hisslə, sevinclə dolar.
Sən at sözü, qoy yiyəsi götürsün,
Dürlü sözü eldən-elə ötürsün.
Sözün qiymətini kim verə bilər?
Söz sərrafı qoy yerinə yetirsin.
Kişi seldir, çox şey yığıb gətirər,
Arvad göldür, sellərə sinə gərər.
Bir-birini başa düşsə ər-arvad,
Çətinliyi tez aradan götürər.
Kişisi olmayan evdə bərəkət
Olmaz- söyləyiblər bilirsən əlbət.
Kişi evin dirəyidir, dirəyi,
Olarsa qəlbində odlu məhəbbət.
Dəmirdən də keçər sözün doğrusu,
Faş olacaq doğru sözün oğrusu.
Ən dəyərli kainatdı dürlü söz,
Söz qızıldı, söz səhrada sərin söz.
Var sözün doğrusu, yalanı, məlum,
Çox olur yanlışı, filanı, məlum.
Çıxardınsa sən ağzından sözləri,
Onlardan yaddaşda qalanı məlum.
Yamanca az olur yalanın ömrü,
Yalanı dilinə alanın ömrü.
Yalan üz qaraldar, hörmət gətirməz,
Ömür deyil gültək solanın ömrü.
30 avqust 2002