Qoru bu yurdu

Böyüdün, boy atdın bu torpaq üçün,
Yurdumun ürəyi Qarabağ üçün,
Xalqımın diləyi Qarabağ üçün,
Xilaskarsan, bu yurd göz bəbəyindir,
Arxanca yollanan oğullar mindir.

Tarixdə basılmaz ərənləri var,
Əyilməz mətanət, yenilməz vüqar,
Qələbə marşını çalsın bu diyar,
Xilaskarsan, bu yurd göz bəbəyindir,
Öndə o şərəfsiz bayrağı endir.

Cəsur övladına yaxşı yol deyər,
Düşmənə qan uddur, mətin ol, deyər,
Allah amanında, ay oğul, – deyər,
Xilaskarsan, bu yurd göz bəbəyindir,
Qarabağ sənindir, Ağdam sənindir.

Ulu əcdadların dəyanəti var,
Hər cəsur övladı bağrına basar,
Əzizdir, doğmadır sənə bu diyar,
Xilaskarsan, bu yurd göz bəbəyindir,
İnamla qalib gəl, odları söndür.

Sirli, sehirlidir mərdlər dünyası,
Torpaq həsrətlidir qəlbinin yası,
Yüz-yüz qurban verir şəhid anası,
Xilaskarsan, bu yurd göz bəbəyindir,
Şuşanın dağları dumandır, çəndir.

5 iyun 2010