Əriyin, alçanın çiçək açması

Əriyin, alçanın çiçək açması,
Qaranquşun evdən evə uçması,
İlk baharın müjdəçisi deyilmiş,
Ceyranların dağda, düzdə qaçması.

Az deyil dünyada kinli insanlar,
Ad verirlər: Onda dəvə kini var.
Bu dünyada kinli olmaq nə lazım,
Qoy var olsun salam, sağ ol, düz ilqar.

Könül gülməx bir gül ətir saçmaqla,
Bahar olmaz vallah bir gul açmaqla.
İlk baharı qaranquşlar gətirir,
Bahar olur bülbüllər dil açmaqla.

Əriyir yamacın, dağların qarı,
Cəh-cəh vuran gördüm bağda quşları.
Baş qaldırır novruzgülü qar altdan,
Gəlin qarşılayaq güllü baharı.

Belədir həqiqət, bu sözün düzü,
Əl əli yuyar, bil, sonra da üzü.
Minnət qoymaz görər bütün işləri,
Hamı ələ borclu, yaşadır bizi.

Üz-üzə gələndən, görəndən bəri,
Sənə öz könlümü verəndən bəri.
Dünya gözlərimdə gözəlləşibdir,
Eşqin çələngini hörəndən bəri.

Dözəmmərəm səni bir gün anmasam,
Saf eşqini qibləgahım sanmasam.
Heç bir yerdə qərar tuta bilmərəm,
Məhəbbətin atəşinə yanmasam.

Qəlbimdən keçənlər əyandı sənə,
Salıram yadıma mən dönə-dönə.
Nə olaydı bir də qulaq asaydım,
Könlümdə iz salan söhbətlərinə.

Nəyə gərək gözəllərsiz bu aləm,
Sevmirsənsə ürəyini üzər qəm.
Dünya gözəllərdən xali olarsa,
Şairin əlində dayanar qələm.

Bütün gözəlləri unutdum, dandım,
Səni mən eşqimin mayağı sandım.
Məhəbbət bağının bağbanıyıq biz,
Yanımdaydın, nə bezdim, nə usandım.

2 oktyabr 2002