Ruhun şad olsun

 

Sənin vəsf etdiyin gözəllər hanı?
Molla Pənah Vaqif, ruhun şad olsun!
Siyah – söylədiyin o tellər hanı?
Molla Pənah Vaqif, ruhun şad olsun!

Sürməli göz, kəlağayı xəyaldı,
Utancaq gözəllər de, harda qaldı?
Kəsildi hörüklər, saçlar qısaldı,
Molla Pənah Vaqif, ruhun şad olsun!

Lalə yanaq dildə gəzən söz olub,
Saç boyayan gəlin olub, qız olub,
Milli geyim, milli adət yüz olub,
Molla Pənah Vaqif, ruhun şad olsun!

Yoxdur Ələsgərin «Sarı köynəyi»,
Qızlar qoruyaydı barı köynəyi,
Geyəydi igidin yarı, köynəyi,
Molla Pənah Vaqif, ruhun şad olsun!

Nə Müşgünaz, nə Güləndam, nə Telli,
Elə bil ki, qız-gəlinlər yad elli,
Yoxdur al yanaqlı, ya incə belli,
Molla Pənah Vaqif, ruhun şad olsun!

Təzə kirpik, təzə qaşdan gəl danış,
Süni saçdan, qırxıq başdan gəl danış,
Yeni nağıl – onu başdan gəl danış,
Molla Pənah Vaqif, ruhun şad olsun!

Sübhəcən işləyir gecə barları,
Yaddır bizə bu əyləncə barları,
Qızlar bəzəyirlər necə barları?
Molla Pənah Vaqif, ruhun şad olsun!

Rəqs eyləyən rəqqasə yox, göbəyi,
Əyləncə çox, oynadan çox göbəyi,
Aman Allah, qoruyuruq biz nəyi?
Molla Pənah Vaqif, ruhun şad olsun!

Gəl qızları otlanlardan seç görüm,
Sevib eşqin badəsini iç görüm,
Aşiq olub keç canından, keç görüm,
Molla Pənah Vaqif, ruhun şad olsun!

Oğlanların papağını qız qoyur,
Öz kefidi gah yan qoyur, düz qoyur,
Bu oyuna ata, ana göz qoyur,
Molla Pənah Vaqif, ruhun şad olsun!

Yeni dəbdi, qısa yubka, ya şalvar,
Hansı qız-gəlinin başında şal var?
Natəvanı unudana olsun ar,
Molla Pənah Vaqif, ruhun şad olsun!

Dövran yeni, nə huri var, nə pəri,
Gözlənilir bəlkə bundan betəri?
Əli Vəkil, baxma buna ötəri –
Molla Pənah Vaqif, ruhun şad olsun!

11 fevral 2004