Səhər nəğməsi

Səhərlərdə əhdimiz var,
Bu da bir səhər nəğməsi.
Bağışlamaz məni dostlar,
Bu da bir səhər nəğməsi.

Dostdan yazım, yardan yazım,
Çiçəkli bahardan yazım,
Şuşadan, dağlardan yazım,
Bu da bir səhər nəğməsi.

Təkcə yazılan qalacaq,
Ünvanı qəlblər olacaq,
Səhərlə bir doğulacaq,
Bu da bir səhər nəğməsi.

Hər bir misra candan gəlir,
Ruhdan gəlir, qandan gəlir,
Zaman ötür, zaman gəlir,
Bu da bir səhər nəğməsi.

Yazdım qəlbdən keçənləri,
Ürəkdən su içənləri,
Xatırladım köçənləri,
Bu da bir səhər nəğməsi.

Ağır olur nəğmə borcu,
Haray salır nəğmə borcu,
Yadda qalır nəğmə borcu,
Bu da bir səhər nəğməsi.

Əli Vəkil, məyus olma,
Gəl bu qədər fikrə dalma,
Yaz, qələmdən ayrı qalma,
Bu da bir səhər nəğməsi.

12 sentyabr 2000