Sən olmadınmı?

Süzgün baxışınla azad qəlbimi,
Qüssəyə, hicrana bu yad qəlbimi,
Kədərli qəlbimi, bu şad qəlbimi
İlk dəfə oxlayan sən olmadınmı?

Sevirəm, deyirdin, gülüm, bir zaman,
Könlümü oxşayar gülərdin hər an,
Şirin vədlərinlə məni yolumdan
Döndərən, saxlayan sən olmadınmı?

Uydun bu dünyanın, uydun varına,
Kəc baxdın eşqimin ilk baharına,
İnanıb əğyarın etibarına
Halını yoxlayan sən olmadınmı?

İlqarı unudub, eşqimi dandın,
Bir özgə sevginin oduna yandın,
Peşiman qayıdıb küskün dayandın,
Önümdə ağlayan sən olmadınmı?

1967