Sən Tanrıdan çox şey umma, vəfalı bir yar bəxşişdi

Sən Tanrıdan çox şey umma, vəfalı bir yar bəxşişdi,
Mətləbi tez anlayan gül üzlü dildar bəxşişdi.

Azərbaycan cənnət ölkə, Qarabağı itirmişik,
Geri alınsın torpağım, müstəqil diyar bəxşişdi.

Od varlığım, od canımdır, ürəyimdə «Yanardağ» var,
Fəsillərin vurğunuyam, ətirli bahar bəxşişdi.

Bağban olub bağ qəhrini çəkmək xoşdu insana,
Öz bağçanda öz əlinlə becərdiyin bar bəxşişdi.

Dədə Qorqud yadigarı, ozanlar çalan sazım var,
Şadlıqlarda, məclislərdə kaman bəxşiş, tar bəxşişdi.

Qismətinə çıxsa əgər öz əhdinə sadiq bir yar,
Sevgisinə layiq ol ki, namus bəxşiş, ar bəxşişdi.

Əli Vəkil Göyçəsizdi, gör haçandan həsrət çəkir,
Sazlı-sözlü mahalıma yeni misralar bəxşişdi.

18 aprel 2003