Sadiq olsa yar əhdinə, əsla ondan incimərəm,
Qonaq gəlsə qarşılaram, olar mehman, incimərəm.
Çox eləsin qoy nazını, həsrətinə sinə gərim,
Məhəbbətin atəşinə o desə yan, incimərəm.
Kimsə onu sevə bilməz bu dünyada mənim qədər,
Eyləyərəm mən canımı ona qurban, incimərəm.
Dönüb gəlsin bizə sarı, ayaq bassın gülüstana,
Gül dərərsə əgər o gül bağçamızdan, incimərəm.
Gec də olsa sev, ay gülüm, məhəbbət ki qocalmayır,
Yar ki, oldu sədaqətli, oda yanan, incimərəm.
Ulu dünya əzəl gündən sevənlərin beşiyidir,
İmtahana çəksin məni, qoy o canan, incimərəm.
Əhdə sadiq olmayana nifrət edir Əli Vəkil,
Alışarsa əgər ürək eşq odundan, incimərəm.
14 fevral 2003