Sahildə

Xəzər sahilinə gəlmişəm yenə,
Dil açır yaddaşda xoş xatirələr.
Dayanıb baxıram ləpələrinə,
Sular öz dilində danışır nələr?

Məftun oldum dalğaların səsinə,
Göy dənizlə ülfəti var könlümün.
Bir də qulaq asım zümzüməsinə,
Hərdən coşmaq adəti var könlümün.

Nə yaxşı dəniz var, qumlu sahil var,
Xəzərlə görüşə tələsirəm mən.
Yarışır qəlbimlə şıltaq dalğalar,
Doymaq mümkünmüdür nəğmələrindən?

Gəlir qulağıma qağayı səsi,
Dəniz darıxardı onlar olmasa.
Ürəyi coşdurur Xəzər nəğməsi,
Sahil küsər sular layla çalmasa.

Tənha dolaşıram sahil bağında,
Haçansa gəlmişdim sevgilim ilə.
Əlimin izi var hər budağında,
Dinlədik çinarı biz gülə-gülə.

Dünən səsimizə səs verdi dəniz,
Alqışladı əhdimizi ləpələr.
Danışa bilsəydi dinərdi dəniz,
Onda təbrik etdi bizi ləpələr.

Əbədidir, sarsılmazdı sevgimiz,
Dəniz verib ona xeyir-duanı.
İllər boyu unutmarıq onu biz,
Yaddan çıxmır ömrün-günün xoş anı.

16 dekabr 2001