Şeirlə danışaydı

Mümkünmüdür odlu qəlb
Dolmasın, boşalmasın,
Qoy həyatda şeirsiz
Bircə günüm olmasın.
Soruşmayın ki, şeiri
Nə qədər sevirəm mən.
İlhamdır bu qəlbimi
Kaman kimi dindirən.
Əgər ondan ayrılsam,
Sönər eşqim, diləyim.
Dilə gəlib heç zaman
Alovlanmaz ürəyim.
Arzum budur ümmanlar
Gözəl şeir olaydı.
Çağlayaraq bir anda
Ürəyimə dolaydı.
Odur mənim həyatım,
Odur mənim varlığım.
Odur güllü baharım,
Odur bəxtiyarlığım.
Deyirəm ki, dünyada
İlham aşıb-daşaydı.
Kaş ki, bütün yer üzü
Şeirlə danışaydı.
Mümkünmüdür odlu qəlb
Dolmasın, boşalmasın,
Qoy həyatda şeirsiz
Bircə günüm olmasın.