Elə süzgün baxma, gülüm, bir dayan,
Vurğunam hüsnünə, vurğunam yaman.
Nə qədər dinləsəm doymaram, inan,
Şirindir söhbətin, sözün, sevgilim.
Sadiq, sədaqətli tale payım sən,
Sevincim, fərəhim, günüm, ayım sən,
Ürək sirdaşım sən, mənim tayım sən,
Özün duy bu eşqi, özün, sevgilim.
Qəlbimə dayaqdır saf məhəbbətin,
Təmizdir, ülvidir eşqin, niyyətin,
Çoxdan əsiriyəm bu ülviyyətin,
Daim gülər olsun üzün, sevgilim.
Sinən eşq oduyla doludur, dolu,
Ürəyin düzlüyün quludur, qulu,
Sevgi də dünyatək uludur, ulu,
Quluyuq doğrunun, düzün, sevgilim.
Bir səfərin yolçusuyuq əzəldən,
Doymamışam sənin kimi gözəldən,
Töhfə istə sən qoşmadan, qəzəldən,
Xoş keçsin baharın, yazın, sevgilim.
18 avqust 1998