Sevməli-sevilməlisən

Dünya məhəbbət dünyası,
Sədaqət, ülfət dünyası,
İnsana hörmət dünyası,
Sevməli-sevilməlisən.

«Vağzalı» gözləyir səni,
Şad edəcək qəlinizi,
Anaların gülsün üzü,
Sevməli-sevilməlisən.

Toyda süzsün qoy analar,
Fərəhlənsin qaynanalar,
Ürəklərdə min arzu var,
Sevməli-sevilməlisən.

Gözləməyir illər sizi,
Haraylayır güllər sizi,
Təbrik etsin ellər sizi,
Sevməli-sevilməlisən.

Tapıb sadiq sirdaşını,
Seçib ömür yoldaşını,
Atıb subaylıq daşını,
Sevməli-sevilməlisən.

Bir qız ki bir oğlanındı,
Əhd eləyib için andı,
Vallah tənhalıq yamandı,
Sevməli-sevilməlisən.

Sadiq olun düz ilqara,
Ola bilməz söz ilqara,
Heç vaxt dəyməz göz ilqara,
Sevməli-sevilməlisən.

Mart 2000