Əsgər marşı

Səni anam sanmışam,
Səngərdə dayanmışam,
Oyağam səhər, axşam,
Qibləgahım, gümanım,
Doğma Azərbaycanım.

Hər qarışın müqəddəs,
Dağın, daşın müqəddəs,
Yazın, qışın müqəddəs,
Sənə qurbandı canım,
Doğma Azərbaycanım.

Gəlin yadları qovaq,
Köks ötürür Qarabağ,
Canımızdı bu torpaq,
Necə dözüm, dayanım,
Doğma Azərbaycanım.

Bizi anıb torpağım,
Parçalanıb torpağım,
Oda yanıb torpağım,
Damarda axan qanım,
Doğma Azərbaycanım.

Arxam, köməyim hanı?
Dostu, düşməni tanı,
Xəyanətin qurbanı,
Şuşa elim, məkanım,
Doğma Azərbaycanım.

Öyünməsin yağılar,
Öndə qanlı döyüş var,
Basılmazdı bu diyar,
Anım, zəfəri anım,
Doğma Azərbaycanım.

Qisas alınacaqdır,
«Cəngi» çalınacaqdır,
Babək, Koroğlu haqdır,
Gərək zəfərlər anım,
Doğma Azərbaycanım.

Tarixdə izimiz var,
Qəhrəman Həzimiz var,
Mehdi – Mixaylo yaşar,
Döyüş dinim, imanım,
Doğma Azərbaycanım.

6 iyun 2010