Siz məni

Həsrətə, hicrana dözməyir ürək,
Niyə qınayırsız axı siz məni?
Yanır öz oduna bir pərvanətək,
Niyə qınayırsız axı siz məni?

Dəyanət gərəkdir, dözüm gərəkdir,
Könlünü oxşayan sözüm gərəkdir,
Yollardan yığılsın gözüm, gərəkdir,
Niyə qınayırsız axı siz məni?

Dözümlü ol, döz, deməyə nə var ki,
Sərbəst dolan, gəz, deməyə nə var ki,
Öyüd verib, söz deməyə nə var ki,
Niyə qınayırsız axı siz məni?

Mən bilirəm nə deməkdir tənhalıq,
Ürəyimi üzəcəkdir tənhalıq,
Bəs nə qədər çəkəcəkdir tənhalıq?
Niyə qınayırsız axı siz məni?

Neyləyəcəm ayrılığa dözməsəm?
Hakim olur ürəyimdə qüssə, qəm,
Öz işində, öz yolunda bu aləm,
Niyə qınayırsız axı siz məni?

Əli Vəkil, bu da həsrət yanğısı,
Şirin olur saf məhəbbət yanğısı,
Əzab verir bu ülviyyət yanğısı,
Niyə qınayırsız axı siz məni?

20 sentyabr 2000 ci il