Sonam

 

Nurlu gül üzünü gördüyüm anda,
Yamanca duruldu əhvalım, sonam.
İpək saçlarını mən hördum onda,
Nə qədər xoş oldu, xoş, halım, sonam.

Bir de, camalından doymaqmı olar?
Söylə, ləbin kimi qaymaqmı olar?
Ətirli telini saymaqmı olar?
Borcumdur qeydinə mən qalım, sonam.

Danış söhbətini dinləyim bir də,
Dərmandı gülüşün sağalmaz dərdə,
Sənintək gözəl yox, axı heç yerdə,
Azaldı kədərim, məlalım, sonam.

Tanrı töhfəsidir hər mələk indi,
Sənmi ətirlisən, ya çiçək, indi?
Barı bu tərslikdən gəl əl çək, indi,
Yanında xəyala qoy dalım, sonam.

Əli Vəkil, nəğmə yazmaq şərəfdi,
Gələn deyir, söz qalacaq, şərəfdi,
Qələm götür, yaz, qalacaq, şərəfdi,
Demirəm zalımsan, sən zalım, sonam.

10 fevral 2002