Söylə görüm

Söylə mənə, söylə görüm,
Sən belə bir gözəlliyi
Axı, haradan almısan?
Dağların ürkək ceyranı,
Bəlkə dağlardan almıan?
Şux duruşun canlar alır,
Baxışların nə mənalı,
Eşq odundan, dərddən halı,
Niyə xəyala dalmısan?
Unuda bilmərəm mən
Sənin ala gözlərini,
Bilmirəm sən yuxusan,
Yoxsa ki, bir xəyalmısan?
Vəsf eləmək çox çətindir,
Bir neçə gözəlliyi sən,
Tutub kəməndə salmısan.
Eşidib bu sözlərimi
Mənə tənə ilə gülmə,
Yerin var könlümdə sənin,
Orda xəyala dalmısan.
Sənə bahar qızı deyim,
İlk bahardan doğulmusan,
Sən gülmüsən, çiçəkmisən,
Qızıl gülə ləçəkmisən,
Qismətimə çıxan sənsən,
Məhəbbətin bağçasında
Ucaldıqca ucalmısan.
Gözəlliyin yarışında
Sən ki, qələbə çalmısan.
Bu yazıq Əli Vəkili,
Eşqinə bənd edərək sən,
Yaman kəməndə salmısan.
Məhəbbətin bağçasında
Ucaldıqca ucalmısan!

26 iyul 1999