Əsrin son şeiri

Əsrin son şeirini Şimalda yazdım,
Xoş gəldin, xoş gəldin, yeni yüz illik.
Şahidsən, Allahım, nə halda yazdım,
Budur, salamlayır məni yüz illik.

İl-ildən ayrılır, kövrəlmişəm mən,
Tarixə çevrilir əsrin son ili.
Neyləyim, nə gəlir indi əlimdən?
Bu dəm söz tutmayır adamın dili.

Əlvida! Deyirik köhnə ilə biz,
Xoş gördük, ay əsrin qaranquş ili.
Təbriklər deyirik gəlib dilə biz,
Təki xoşbəxt elə obanı, eli.

Ömrü başa çatır bir yüzilliyin,
Təzə əsrə, təzə ilə min alqış.
Uğurlar diləyin, xoş gəldin deyin,
Şimalda töhfəsi olur qarlı qış.

Hisslərim qəlbimdə çağladı bu gün,
Misralar kağızda bəhrə, bar kimi.
Həsrət varlığımı dağladı bu gün,
Qəm yağı başımdan bəyaz qar kimi.

Yüz illikdə nələr gördük biz, Allah?
Faciələr qurtararmı saymaqla?
Kədərləndik, köks ötürdük biz, Allah,
Qarabağda düşmən gəzir nə haqla?

Yeni əsr – ömrüm qalıb nə qədər?
Xəyal oldu uşaqlığım, gəncliyim.
İllər boyu mükafatım qəm-kədər,
Harda qaldı xoşbəxtliyim, dincliyim?

Nə qazandıq, nə itirdik yüz ildə?
Suverenlik, müstəqillik töhfəmiz.
Milyonlarla qurban verdik yüz ildə,
«Azərbaycan» – yeni dövlət qurduq biz.

Yada qaldı neçə doğma məkanım,
Qarabağda at oynadır yağılar.
Nə qədər odlanım, nə qədər yanım,
Ağdamım, Laçınım, Şuşam qan ağlar.

Əsrin soyqırımı – Xocalı yası,
Yazıldı tarixin daş yaddaşına.
Bəşəriyyət dərk edəsi, duyası,
Nələr gəldi millətimin başına.

Yaxşı yol, köhnə il, köhnə yüz illik!
Kaş hər arzum bu əsrdə gül aça.
Nə verdin sən mənə, de nə, yüz illik?
Qisas alam bəlkə qəlbim dil aça?

Əsrin son şeirini Şimalda yazdım,
Min ümid bəslədim yeni ilə mən.
Şahidsən, Allahım, nə halda yazdım,
Tutdum yüz illiyin, tutdum əlindən!

31 dekabr 2000
Rusiya. İvanovo şəhəri.