Sülh lazımdır

Bu narahat dünyamıza
sülh lazımdır!
Səadətə yetmək üçün
hər oğlana, hər bir qıza
sülh lazımdır!
Nə qədər ki, gec deyildir,
barı ayıl, cənab Reyqan.
Yer üzünü bürüyübdür
Qəzəb səsi, nifrət səsi,
sərsəm olma, dayan, dayan!
Perşinqləri, emiksləri
insanların
əsəbləri üstə qurma!
Sən bəşərin tələbinə,
istəyinə,
qarşı durma!
Az sınaqlar görməyibdir
bu qüdrətli ölkəm mənim!
Vuruşlarda bərkiyibdir
mətin xalqım, mərd Vətənim!
Milyonları bircə anda
Məhv eləmək hünər deyil.
Raketlərin düyməsini
Bu gün sıxmaq zəfər deyil.
İnsanlara qanad açan
Raketlər yox, qanadlanan
Sülh nəğməsi, sülh gərəkdir!
Sülh-toy-düyün,
Sülh – səadət, sülh – havamız,
Sülh – suyumuz, sülh – çörəkdir!
Dünyamıza bombalar yox,
Sülh lazımdır, sülh gərəkdir!

1983