Dörd divardı, xəyallarım, bir də mən,
Tənhalıq incidir, üzür qəlbimi.
Gah əngin göylərdə, gah da yerdə mən,
Tənhalıq incidir, üzür qəlbimi.
Hisslərlə nə qədər çarpışmaq olar,
Səyyahtək nə qədər dağ aşmaq olar,
Desəm xoşdur mənə, vallah ağ olar,
Tənhalıq incidir, üzür qəlbimi.
Uşaqlıq anları düşür yadına,
Alışırsan ilk eşqinin oduna,
Xatirələr yetir yalnız dadına,
Tənhalıq incidir, üzür qəlbimi.
Yollanırsan gah dağa, gah arana,
Kimsə yoxdur məlhəm qoysun yarana,
Lal sükutdan yeni nəğmə yarana,
Tənhalıq incidir, üzür qəlbimi.
Eşidilmir Aytacımın şən səsi,
İlk nəvəmdir, Allahımın töhfəsi,
Harayıma çağırmıram heç kəsi,
Tənhalıq incidir, üzür qəlbimi.
Körpə Tural Aytacımın qardaşı,
Nəvələrim qonaq gedib yanaşı,
Az qalıram vallah tökəm göz yaşı,
Tənhalıq incidir, üzür qəlbimi.
Sevinc, fərəh körpələrin səsiymiş,
Bacı-qardaş qəhqəhəsi bəsiymiş,
Onlar ömrüm, aldığım nəfəsiymiş,
Tənhalıq incidir, üzür qəlbimi.
Gül balalar tez-tez düşür yadıma,
Gecə düşür, gündüz düşür yadıma,
Nicat nəvəm hərdən yetir dadıma,
Tənhalıq incidir, üzür qəlbimi.
Bir gün dönəcəklər, uçacaq sükut,
Xəyala çevrilib qaçacaq sükut,
Bir anda lap qanad açacaq sükut,
Tənhalıq incidir, üzür qəlbimi.
28 iyul 2000-ci il