Tapdıq müəllim

 

Mahalda hamıdan hörmətli idin,
Yüksək vəzifəli, şöhrətli idin,
Dünyaya gələndən qeyrətli idin,
Elin havadarı Tapdıq müəllim.

Bilikli, qeyrətli, ağıllı insan,
Zirvəyə can atdın, zirvəyə hər an,
Sən xalq adamıydın başdan-binadan,
Elin havadarı Tapdıq müəllim.

Ehtiyat edirdi məkrli düşmən,
Dərhal anlayardın bəd niyyəti sən,
Bayraq eyləmişdin həqiqət sən,
Elin havadarı Tapdıq müəllim.

Mahalın sayılan, seçilən oğlu,
Sirli mətləbləri düz bilən oğlu,
Çağrışa, haraya tezə gələn oğlu,
Elin havadarı Tapdıq müəllim.

Məğlub olmaz idin harda olsan da,
Yox, yox büdrəməzdin darda olsan da,
Döşünə döyməzdin zəfər çalsan da,
Elin havadarı Tapdıq müəllim.

Sevməyirdin, qənim idin «yan»lara,
Yaxşı dərs verirdin hərdən onlara,
Şöhrət yaranmışdın doğma diyara,
Elin havadarı Tapdıq müəllim.

Oğul, qız böyütdün Vətənə layiq,
Həm Odlar yurduna, həm sənə layiq,
Nurlu gələcəyə, bu günə layiq,
Elin havadarı Tapdıq müəllim.

Əcəl nə tez qıydı alim Surxaya,
Qəmləndi, yas tutdu elim Surxaya,
Vallah yaraşmırdı ölüm Surxaya,
Elin havadarı Tapdıq müəllim.

Yenə də yurdumda adın, sanın var,
Hörmətin var, şöhrətin var, şanın var,
Gör neçə övladın – gülüstanın var,
Elin havadarı Tapdıq müəllim.

Susdu, haqsızlığa dözmədi ürək,
Yaşadın həyatda ər oğlu ər tək,
Bu gün ön cərgədə olaydın gərək,
Elin havadarı Tapdıq müəllim.

Nədir sənin üçün əlli səkkiz yaş,
Xalqa gərək idin, yaşayaydık kaş,
Öndəydi qaça-qaç, öndəydi savaş,
Elin havadarı Tapdıq müəllim.

Həyatda yoxluğun hamıya bəlli,
Odlar övladıydın, köklü, təməlli,
Namərdlər dünyanı tutur beş əlli,
Elin havadarı Tapdıq müəllim.

Yad edən, öyünən, səni sevən var,
Adını daşıyan Tapdıq nəvən var,
Nəvəyə də qanad verir babalar,
Elin havadarı Tapdıq müəllim.

Yaşadırlar ölməz, təmiz adını,
İftixarla çəkirik biz adını,
Hək etmisən tarixə öz adını,
Elin havadarı Tapdıq müəllim.

Canıntək sevirdin obanı, eli,
Onda gödək idi düşmənin dili,
Dözmədin, qırıldı ömrünün teli,
Elin havadarı Tapdıq müəllim.

Məzarın narahat, ruhun narahat,
Bəlkə də bizlərə dərs verir həyat?
Düşmən mahalında at oynadır, at,
Elin havadarı Tapdıq müəllim.

Yer tapıb qəlblərdə müqəddəs adın,
Ox oldun gözünə yağının, yadın,
Qorqud övladısan məğlub olmadın,
Elin havadarı Tapdıq müəllim.

10 iyul 2001