Vallah

Təmiz vicdanlara qara yaxanı,
Paxıllıqdan gündə bir ev yıxanı,
Öz dostuna şübhə ilə baxanı
Nə Tanrı bağışlar, nə bəndə vallah.

Haqqı-ədaləti tapdayanları,
Yalançı sevgidən tez doyanları,
Gözü əldə olan cib soyanları
Nə Tanrı bağışlar, nə bəndə vallah.

Satqın olub, qeyrətdən dəm vuranı,
Qorxaq olub qaçıb gendə duranı,
Dinsiz olub kim ki, saymır Quranı
Nə Tanrı bağışlar, nə bəndə vallah.

Çətin gündə meydandan tez qaçanı,
Sirr sözünü hər yetənə açanı,
Billə-bilə əyri yolu seçəni
Nə Tanrı bağışlar, nə bəndə vallah.

Hara getdi mənəm-mənəm deyəni,
Yalan yerə hey özünü öyəni,
Yad önündə yüz kərə baş əyəni
Nə Tanrı bağışlar, nə bəndə vallah.

Namusunu, torpağını satanı,
Söz gəzdirib hərdən ara qatanı,
Hey özünü eldən üstün tutanı
Nə Tanrı bağışlar, nə bəndə vallah.

Həccə gedən qəlbi düz olmayanı,
Ürəyində təmiz söz olmayanı,
Xeyirxah işləri yüz olmayanı
Nə Tanrı bağışlar, nə bəndə vallah.

Kim tutmasa təntiyənin əlindən,
Nalə çəkib, qəm yeyənin əlindən,
Kasıblığa baş əyənin əlindən,
Nə Tanrı bağışlar, nə bəndə vallah.

Görmüşəm dünyanın mən çox üzünü,
Əli Vəkil, gəl bir də sil gözünü,
Ellər yad etməsə bircə sözünü,
Nə Tanrı bağışlar, nə bəndə vallah.

10 iyun 1998