Mərd namərdə əl açırsa,
Vay o gündən, vay o gündən.
Dərd ürəkdə dil açırsa,
Vay o gündən, vay o gündən.
Ah çəkirsə Göyçə eli,
Ağlayırsa «Göyçəgülü»,
Yasdadırsa Göyçə gölü,
Vay o gündən, vay o gündən.
Şuşam əldən gedibdirsə,
Laçın eldən gedibdirsə,
Sonam göldən gedibdirsə,
Vay o gündən, vay o gündən.
Namus, qeyrət satılırsa,
Əsir oda atılırsa,
Elin başı qatılırsa,
Vay o gündən, vay o gündən.
Sərhəddimiz pozulursa,
Yalan, böhtan yazılırsa,
Səhvlər yüz cür yozulursa,
Vay o gündən, vay o gündən.
Satqınların sayı çoxsa,
Yüz minlər ac, beşi toxsa,
Bu dərdlərə çarə yoxsa,
Vay o gündən, vay o gündən.
Namərd torpağı satırsa,
Qeyrət qında pas atırsa,
Ah, nalə ərşə çatırsa,
Vay o gündən, vay o gündən.
Kələk toru hörülürsə,
Kəndlər bir-bir verilirsə,
Şəhid yerə sərilirsə,
Vay o gündən, vay o gündən.
Gəliriksə tuş vədlərə,
Uçuruqsa boş vədlərə,
Tablaşırsa baş vədlərə,
Vay o gündən, vay o gündən.
Artırsa şəhid məzarı,
Almırıqsa torpaqları,
Talanırsa elin varı,
Vay o gündən, vay o gündən.
Ağdamda dam qalmayıbsa,
Ordum zəfər çalmayıbsa,
Xalqım qisas almayıbsa,
Vay o gündən, vay o gündən.
Düşmən qəddar, düşmən qansız,
Qalmışıqsa Zəngilansız,
Yaşayırsa bədən cansız,
Vay o gündən, vay o gündən.
İldən-ilə, aydan-aya,
Səhvimizi saya-saya,
Həsrətiksə biz Şuşaya,
Vay o gündən, vay o gündən.
Tərk edibsə nifrət ğizi,
Aldadırsa şöhrət bizi,
Azmışıqsa yolu, izi,
Vay o gündən, vay o gündən.
Batıb yasa Qubadlımız,
Darıxırsa Qubadlımız,
Alınmırsa Qubadlımız,
Vay o gündən, vay o gündən.
Kəlbəcəri qaytarmasaq,
Doğma yeri qaytarmasaq,
Əsirləri qaytarmasaq,
Vay o gündən, vay o gündən.
Ötsə fəsil Cəbrayılsız,
İl il deyil Cəbrayılsız,
Dözsə bu el Cəbrayılsız,
Vay o gündən, vay o gündən.
Füzulidə yad gəzirsə,
Damağı çağ, şad gəzirsə,
Gözləməkdən el bezirsə,
Vay o gündən, vay o gündən.
Torpağını satan çoxsa,
Kürsüyə can atan çoxsa,
Vəzifəyə çatan çoxsa,
Vay o gündən, vay o gündən.
Əllər zərif, dil qabarsa,
Göz dumanlı, qulaq karsa,
El dəniz tək qabarırsa,
Vay o gündən, vay o gündən.
Düşmən döyür sinəsinə,
Fürsət güdür sinə-sinə,
Tor qurulsa bizə yenə,
Vay o gündən, vay o gündən.
Sinəmizə döyürüksə,
Özümüzü öyürüksə,
Gündə bir don geyiriksə,
Vay o gündən, vay o gündən.
Dəbdədirsə haralısan?
Söylə kəsə: haralısan?
Yoxsa sənə qulaq asan,
Vay o gündən, vay o gündən.
Allah, nələr gördü gözüm,
Faciələr gördü gözüm,
Tükənərsə bir gün sözüm,
Vay o gündən, vay o gündən.
Yanvar 1994