Yadımdan çıxmayır

Qəlbim Cənub – Odlar yurdu həsrətli,
Yadımdan çıxmayır Azərbaycanım!
Məclisləri şirin sözlü, söhbətli,
Yadımdan çıxmayır Azərbaycanım!

Darasın saçımı Bakı küləyi,
Cənnət ətirlidir yurdun çiçəyi,
Azadlıq könlümün ümdə diləyi,
Yadımdan çıxmayır Azərbaycanım!

Unutmaq mümkünmü müqəddəs eli,
Səfalıdır Xəzərimin sahili,
Səsləyir qoynuna çəməni, çölü,
Yadımdan çıxmayır Azərbaycanım!

Bir də gəzim hər bağçanı, hər bağı,
Göz dikibdir diyarıma çox yağı,
Könül açır onun hər bir bucağı,
Yadımdan çıxmayır Azərbaycanım!

Bir gözəlin gülüşünə möhtacam,
Baxışına, yerişinə möhtacam,
Xan çinarın duruşuna möhtacam,
Yadımdan çıxmayır Azərbaycanım!

Seyrə çıxım muğanıma, Milimə
Min könüldən vurğunam mən elimə,
Yalan, böhtan heç vaxt gəlməz dilimə,
Yadımdan çıxmayır Azərbaycanım!

Atəşkəsdi, Yanardağdı ürəyim,
El eşqinə vuracaqdı ürəyim,
Qaranlıqda bir çıraqdı ürəyim,
Yadımdan çıxmayır Azərbaycanım!

Kəlbəcərdə, Murovdağda qonağam,
Gah aranda, gah da dağda qonağam,
İtirdiyim Qarabağda qonağam,
Yadımdan çıxmayır Azərbaycanım!

Həvəsim də, ilhamım da ordadı,
Zəngilanım, Qarabağım dardadı.
Ər oğullar, qeyrətlilər hardadı?
Yadımdan çıxmayır Azərbaycanım!

Alim səsi, bir muğamat gərəyim,
Bütöv məkan, doğma elat gərəyim,
Müstəqil yurd, sakit həyat gərəyim,
Yadımdan çıxmayır Azərbaycanım!

Doğma yurdla, o torpaqla güclüyəm,
Qarı düşmən, yadda saxla, güclüyəm,
Ədalətlə, bir də haqla güclüyəm,
Yadımdan çıxmayır Azərbaycanım!

Ana Vətən – hər nəğməmi yazdıran,
Köməyimdir Qadir Allah və Quran,
Əli Vəkil, bir gün sağalar yaran,
Yadımdan çıxmayır Azərbaycanım!

3 dekabr 2000
Rusiya. İvanovo şəhəri.