Yarın sadiq, vəfalısa, kədər sənə yad olacaq

Yarın sadiq, vəfalısa, kədər sənə yad olacaq,
Təmiz qəlblə sevirsənsə, urəyində od olacaq.

Bir-birinə könül açan sədaqətli eşq əhlinə
Həyat cənnətə dönəcək, sevgi qol-qanad olacaq.

Saf məhəbbət əbədidir, sevinəcək yer də, göy də,
Təbrik edib aşiqləri təbiət də şad olacaq.

Həsrət qəlbdən uzaq olsa, yarın sənə gəlsə qonaq,
Həyəcandan, intizardan ürəyin azad olacaq.

Ayrılıqdan dolsa gözün, xəyallara dalsan əgər,
Eşqə sadiq ürəyində elə bil fəryad olacaq.

El bələddir doğulandan məhəbbətin qüdrətinə,
Dadsan vüsal şərbətini damağında dad olacaq.

Əli Vəkil ayrı düşsə bu dünyada dildarından,
Kərəm kimi alışacaq, dağ yaran Fərhad olacaq.

8 aprel 2003