Yavaş-yavaş

Günlər günü qovur, aylar da ayı,
Gəlir qışdan sonra yaz yavaş-yavaş.
Baharda donunu yaşıldan biçir,
Dağlar yavaş-yavaş, düz yavaş-yavaş.

Görməyib həyatda de nəyi insan?
Yerin də, göyün də bəzəyi insan,
Ulu kainatın dirəyi insan,
Salır torpaq üstə iz yavaş-yavaş.

Gecələr can atır pərvanə oda,
Əhdinə, eşqinə sadiqdir o da,
Sevib-sevilirlər qoca dünyada,
Oğlan yavaş-yavaş, qız yavaş-yavaş.

Vaxt gəlir qapını döyür qocalıq,
Fəxr edir, özünü öyür qocalıq,
Deyir öz sözünü deyir qocalıq,
Öyrən yavaş-yavaş, döz yavaş-yavaş.

Əli Vəkil, anla qoca dünyanı,
Düzlükdür həyatın şöhrəti, şanı,
Qəlbində gəzdirib Azərbaycanı
Ömür kitabını yaz yavaş-yavaş.

İyun 1989