Yollar

Yollar əziz sirdaşımız,
Yollar uzun, yollar qısa.
Hansı mənzil qət olunar
Önümüzdə yol olmasa?

Yol çəkirirk eldən-elə,
Yollar xidmət edir bizə.
Bəzən dağdan,daşdan keçir,
Bəzən gəlib çıxır düzə.

Heç bir insan ömrü boyu
Azmasın qoy öz yolunu.
Yarı yolda qalmaq çətin,
Bilsin bunu, duysun bunu.

Kosmosa da gedib çatdı
Saldığımız nurlu yollar.
Hələ Marsa, Gunəşə də
Yetişəcək sabah onlar.

Əzəl gündən vurulmuşam
Sülhə gedən yollara mən.
İncimərəm gəlib keçsə
Onlar mənim ürəyimdən.

Hərbin qanlı yolu da var,
Unudulmur düşür yada.
Kaş bacarıb o yolları
Bağlayaydım mən dünyada.

1984