Çörəyi ver çörəkçiyə, deyiblər,
Hər daşı hər yetən qaldıra bilməz.
Həyatda yerini tapmasan əgər,
Şər atma heç kəsə, gendə dolan, gəz.
Zər qədrini zərgər bilər, bəllidir,
Özü yıxılan da ağlayarmı, de?
Qışdan sonra bahar gələr, bəllidir,
Arxadan vurmağın yeri varmı, de?
Döyüş asan gəlir gendən baxana,
Tərifli igidlər darda tanınar.
El yolunda ildırımtək çaxana
Vətən arxa durar, Tanrı yar olar.
Öz xeyrini, öz cibini güdən çox,
Çətin anda gözə dəyməz heç biri.
Döyüşə can atan, öndə gedən yox,
Haraylaya ərənləri, ərləri.
Atalar, aqillər nə gözəl deyib:
«Vətən mənə oğul desə nə dərdim!»
Dar ayaqda Vətən sənə gəl, deyib,
Söylə ki, yolunda qurban gedərdim.
Torpaq qorumasan əkməyə dəyməz,
Atalar deyənə əməl eyləyək.
Mərdliklə qorusan yada baş əyməz,
Qovub yağıları – mənimdir, deyək!
23 oktyabr 2001