Məhəbbətim var

Baxma şübhə ilə üzümə mənim,
Düz əhdim, saf eşqim, sədaqətim var.
Mələk görsənirsən gözümə mənim,
Günəştək əbədi məhəbbətim var.

Sən ki, gözəlliyin tacısan, tacı,
Nəcibsən, günəşlə bacısan, bacı,
Məni öz eşqinin tacı san, tacı,
Odlara yanmağa dəyanətim var.

Yaman bağlamısan cahana məni,
Arxanca çəkirsən hayana məni?
Əgər dönük çıxsam hey yana məni,
Dözümüm, inamım, ləyaqətim var.

Baxma şübhə ilə üzümə mənim,
Düz əhdim, saf eşqim, sədaqətim var.
Mələk görsənirsən gözümə mənim,
Günəştək əbədi məhəbbətim var!

1985